Xalqımızın yaddaş salnaməsinə qızıl hərflərlə yazılan ən önəmli günlərdən biri məhz 15 iyun- QURTULUŞ GÜNÜDÜR. Bu gün xalqımızın taleyini dəyişən zəfər tariximizin parlaq səhifələrindən biridir.
Qurtuluş günü! Bu günə gedən tarixin keçdiyi yola nəzər salaq. XX yüzilliyin sonlarında 70 illik əsarətdən sonra öz müstəqilliyinə qovuşmuş Azərbaycan təhlükə qarşısında idi. O vaxtkı iqtidar nə vəziyyəti düzgün təhlil edə, nə də idarəetmədə peşəkarlıq nümayiş etdirə bilirdi. Bədnam qonşumuz Ermənistanın torpaqlarımızı işğal etməsi, digər xarici düşmənlərimizin fəallaşması, eləcə də hakimiyyət uğrunda gedən çəkişmələr ölkədə xaos yaratmış, xalqın səbri daşmışdı. Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə dayanmışdı.
Hakimiyyət uğrunda gedən mübarizədə xalqı deyil, yalnız öz şəxsi mənafeyini güdən, siyasətdən başı çıxmayan xəyalpərəstlər necə olursa-olsun, hakimiyyəti ələ keçirmək üçün canfəşanlıq göstərir, dəridən-qabıqdan çıxırdılar.
Məhz həmin günlərdə xalq onu bəlalardan xilas edə biləcək rəhbərə ehtiyac duyurdu. Pafoslu çıxışları ilə yalançı vədlər verən müxalifət xalqın etimadını qazana bilməzdi. Odur ki, xalq düşdüyü bataqlıqdan çıxmaq üçün ona əl uzada biləcək insanı səsləyirdi. Nə yaxşı ki, uca Tanrım öz səxavətini millətimizdən əsirgəmədi. H. Əliyev xalqımızın səsinə səs verdi. O, Azərbaycana Tanrının ərməğanı kimi göndərildi. Elə o gün Odlar ölkəsinin heç vaxt sönməyəcək günəşi parladı.
Xalqın xilaskarı dahi şəxsiyyət Heydər Əliyev Vətənin dar günündə özünü yetirdi. Xalqın səs çoxluğu ilə 9 iyunda Azərbaycan Ali Sovetinin Sədri seçildi. Ölkədə qarşıdurma aradan qaldırıldı, xalqın üzü güldü.
15 iyun əbədi tarixə döndü. Özünün müdrik, uzaqgörən siyasəti ilə ümumdünya şöhrəti qazanmış Ulu Öndər Azərbaycanın xilaskarı adını qazandı.
Bu gün də xalq onu özünün əvəzolunmaz xilaskarı kimi daim qəlbində yaşadır, adını rəhmətlə anır. Ulu Öndər kursunun layiqli davamçısı, qətiyyətli, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycanımız dünyanın inkişaf etmiş ən qüdrətli ölkələrindən birinə çevriləcək, bayrağımız daim şərəflə dalğalanacaqdır.
Ruhun şad olsun, Ulu Öndər!
Qurtuluş günün mübarək olsun, əziz xalqım!
RASAFİL BAYRAMOV
"İctimai Xəbər Agentliyi" (MMC)
və AtaTV.az portalının rəhbəri
TAHİRƏ QAFAROVA
"İctimai Xəbər Agentliyi"nin direktoru
və AtaTV.az portalının redaktoru