
Milli Məclisin deputatı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sabiq sədri Mehriban Vəliyeva “Qafqazinfo”ya müsahibə verib.
Sözügedən müsahibəni təqdim edirik:
- Milli Məclisdə ilk dəfədir təmsil olunursunuz. Bildiyiniz kimi, parlamentdə birinci çağırışdan təmsil olunan deputatlarımız da var. Təcrübə baxımından çətinlikləriniz oldumu?
- Əlbəttə ki, ölkənin qanunvericilik səviyyəsində Milli Məclisini təmsil etmək, deputat olmaq böyük şərəfdir. Digər tərəfdən, təxminən 51 min insanın seçdiyi biri olmaq, onları təmsil etmək həm böyük şərəfdir, həm də məsuliyyətdir. Bu baxımdan, mən həm qürur duyuram, həm də məsuliyyət hissi yaşayıram. Əlbəttə, ilk anda düşündüyüm bu oldu ki, bacaracağammı? Düşünürəm ki, bacardım. Çünki mənə elə gəlir ki, hər bir insanın fəaliyyətində onun transformasiya bacarığının, ümumiyyətlə, bacarıqlarının olması ümdə məsələdir. Görünür, uzun illər təhsildə çalışmağım, analitik və tənqidi yanaşmağım, filoloji düşüncəm, siyasi baxışım mənə dəstək ola bildi. Mən çalışıram ki, həm seçicilərimi təmsil edə bilim, həm də qanunvericilik səviyyəsində üzvü olduğum komitələrdə - Elm və təhsil komitəsində, Ailə, qadın və uşaq məsələləri komitəsində vacib qanunvericilik aktlarının qəbul olunmasına töhfə verə bilim. Burada da ən vacib məsələlərdən biri insanın zəhmətkeş olmasıdır.
- Yəni çətinlikləriniz olmadı...
- Düşünürəm ki, o qədər də yox.
- Bildiyim qədərilə, seçicilərinizlə tez-tez görüşləriniz olur. Onlardan sizə daxil olan şikayətlər daha çox nə ilə bağlıdır?
- Bizim seçicilərimizlə ayda minimum 2 dəfə görüşlərimiz olur. Əlavə görüşlər, tədbirlər təşkil edirik. Mənə görə, millət vəkili xalqın içində olmalıdır və onları ən azından eşitməyi bacarmalıdır. Seçicilərdən müxtəlif mövzularda müraciətlər daxil olur. Bəzən subyektiv yanaşmalar olur. Elə seçicilərimiz var ki, düşünür, əgər sən millət vəkilisənsə, qanunsuz işləri də reallaşdıra bilərsən. Bəzən qanunsuz məsələlərlə bağlı da müraciətlər olur. Təbii ki, biz bunların hamısını tənzimləyirik, qanuni tərəfi izah edirik. Amma həm də müvafiq qurumlarla əlaqə yaradaraq onlara dəstək olmağa çalışırıq. Ən çox müraciət olunan məsələlər məşğulluq, sosial-məişət məsələləri ilə bağlı olur.
- Özünüz də qeyd etdiyiniz kimi, Elm və təhsil komitəsinin üzvüsünüz. Ona görə, bu istiqamətdə fikirləriniz maraqlıdır. Sizcə, ölkədə təhsilin səviyyəsi ürəkaçandır?
- Biz bu gün yeni dövrdə, rəqəmsal mühitdə yaşayırıq. Süni intellektin gəlişi hər bir sahədə olduğu kimi, təhsildə də problemlər yaradır, yeni çağırışlar tələb edir. Bu çağırışlara mütəmadi olaraq cavab vermək üçün qanunvericilikdə dəyişikliklər olunur. Amma bu, yalnız bizim ölkəmiz üçün yox, qlobal bir problemdir. Təhsil hazırda ciddi transformasiya tələb edir. Lakin təhsil bir az konservativ olduğu üçün bu transformasiyaya gec keçə bilirik. Bu da bir az çətinliklər yaradır. Amma düşünürəm ki, həyata keçirilən islahatlar, müəllimlərin peşəkar inkişafı ilə bağlı atılan addımlar, sertifikasiya prosesi təhsilin inkişafı üçün açılan qapılardır. Sadəcə biz bir şeyi dərk etməliyik ki, təhsil müəllimdən yüksəkdə keyfiyyət dəyişikliyi yarada bilməz. Müəllim nə qədərdirsə, təhsil də o qədərdir. Ona görə də bizim müəllimlərimiz, onların şüuru, yanaşması dəyişməlidir. Əgər akademik bilik verən təhsildən bacarığa keçidi edə bilməsək, yenə geri qalacağıq. Bu gün bütün dünyanın danışdığı bacarıqların formalaşmasıdır. Tənqidi, analitik, kommunikativ bacarığın formalaşması ciddi sıçrayış yarada bilər. Mən bir sıra misallar da gətirə bilərəm. Andres Şleherin beynəlxalq qiymətləndirmədə Azərbaycanın nəticələrinə uyğun olaraq dediyi bir neçə fikri diqqətinizə çatdırmaq istəyirəm. O qeyd edir ki, çox təəssüflər olsun, Azərbaycanda şagirdlər hələ də 15 il əvvəl öz prestijini itirmiş peşələri seçirlər. Bu, ciddi siqnaldır və bunun haqqında düşünməliyik.
Onun qeyd etdiyi ikinci məsələ, biz verdiyimiz tapşırıqlarda azərbaycanlı şagirdlərin hansı üstün cəhətini görürük? Onlar əzbər xarakterli cavabları tez mənimsəyib cavablandırırlar. Amma onların analitik tərəfini tam mənası ilə reallaşdıra bilmirlər. Bu problemlərin həlli isə yenə də müəllimdən keçir.
- Müəllimdən söz düşmüşkən, sizcə, yeni dövrün müəllimləri ilə köhnələr arasında hansı fərqlər var?
- Gəlin “yeni” və “köhnə” deyə ayırmayaq. Müəllim müəllimdir. Sadəcə öz üzərində çalışan, müasir dövrün tələbini anlayan və nəbzi tutan müəllimlərimiz var - həm yaşlı, həm də gənc nəslin arasında. Amma eyni zamanda, klassik düşünən, “bizim dövrümüzdə belə idi”, “nə olmuşdu ki, biz öyrənə bilmədik?” deyən müəllimlərimiz də var. Onlar yalnız gileylənirlər. Çünki bu gün yeni nəsil görüntü və təhlil tələb edən nəsildir. Biz onlarla ayaqlaşmasaq, bizə çətin olacaq. Özü də bu, yalnız müəllim-şagird münasibətində yox, valideyn-övlad münasibətində də belədir. Mən çox valideynlər görmüşəm ki, onlar “mən övladımın öhdəsindən gələ bilmirəm” deyir. Bu da nəsillər arasındakı fərqlərin olmasıdır.
Bununla yanaşı, qlobal problemlərin həlli istiqamətində də addım atmalıyıq. Biz şəxsiyyət tərbiyəsindən danışırıqsa, müəllim yalnız akademik bilik verən şəxs olmamalıdır, həm də xarakteri, vətəndaş mövqeyini və dünyagörüşü olan şəxsiyyəti formalaşdırmalıdır. Bu, yalnız akademik biliklə formalaşan məsələ deyil. Görürsünüz, transformasiya məktəb üçün yeni məzmun gətirir. Bu gün məktəblər akademik biliyin verilməsini rəqəmsal mühitə aparmalıdırlar. Amma o təmas, ünsiyyət, xarakterin formalaşmasında müəllim uşağın inkişafına fokuslanmalıdır. Onda biz uğur qazanacağıq. İndi də süni intellekt gəlir. Bundan istifadə edən müvafiq qurumlar var ki, onlar yeni nəslin mənəvi dəyərlərinin aşılmasında bu vasitələrdən məharətlə istifadə edirlər. Yəni əgər əvvəlki dövrdə uşağın tərbiyəsində ailə, məktəb rol oynayırdısa, indi rəqəmsal mühit bunları üstələyir. O rəqəmsal mühit bütün dünyanın dəyərlərini gətirir. Uşaqlar haqqında danışanda, valideynlərin bir sözü olur: “görən bu uşaq kimə oxşayıb?” Əslində rəqəmsal mühitdən aldığı dünyanın müxtəlif dəyərlərinin istiqamətidir ki, onda bir xarakter formalaşdırır. Orada zəiflik, dözümsüzlük, etinasızlıq, məsuliyyətsizlik də var. Bunlar yeni nəsil üçün rəqəmsal mühitin ötürdüyü “dəyərlər”dir. Biz uşaqların tərbiyəsi istiqamətində alternativ məzmun yarada bilməliyik.
Bu istiqamətdə ciddi islahatlar aparılır. Son dövrlər cənab Prezident İlham Əliyevin uşaqların, gənc nəslin rəqəmsal mühitdə qorunması, onların mənəvi dəyərlərinin formalaşdırılması istiqamətində sərəncamları olub. Bu, gələcək nəsillər üçün ən ümdə məsələlərdir. Həmçinin bilirik ki, “Uşaq hüquqları haqqında” yeni qanun qəbul olundu. Orada da yeni yanaşmalar var. Eyni zamanda kibertəhlükəsizlikliklə bağlı qəbul edilən qanun layihələri diqqəti cəlb edir. Azərbaycanda dövlət səviyyəsində gənc nəslin inkişafına istiqamətlənən töhfələrdir.
- Elə təhsil istiqamətində qəbul edilən sərəncamlardan, sənədlərdən danışmışkən, buna “Mədəniyyət Konsepsiyası – 2040” sənədini də misal göstərmək olar. Maraqlıdır, bu sənədin təhsil istiqamətində məqsədi nədən ibarətdir?
- Çox yaxşı məsələyə gəlib çıxdıq. Əslində “Mədəniyyət Konsepsiyası – 2040” sənədi Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Bu sənəd yalnız mədəniyyət, irs, incəsənət anlayışı ilə məhdudlaşmır. O mənada ki, yeni nəslin mədəni inkişaf modelinin formalaşdırılmasına istiqamətlənən sənəddir. Burada təhsillə bağlı məsələləri qabartmaq istəyərdim. Sənəddə qeyd edilən kommunikativ mədəniyyətin, davranış mədəniyyətinin formalaşdırılması ondan xəbər verir ki, biz təhsil-mədəniyyət konsepsiyasını hazırlaya bilərik. Bu, əslində vacib və aktual məsələdir. Qazandığımız Zəfərdən sonra, Azərbaycanın yaratdığı yeni reallıqlar içərisində yeni cəmiyyət quruculuğu aktual məsələdir. Yəni biz gələcək üçün hansı insan modelini formalaşdırırıq? Bu, konseptual sənəd olaraq hazırlanmalıdır.
“Mədəniyyət Konsepsiyası – 2040” sənədində həmçinin Azərbaycan dilinin inkişafı, onun regional təsiri və s. məsələlər də öz əksini tapır. Mənim bu haqda da məqalələrim olub. Təhsilin özündə hər yaş mərhələsi üçün söz bazasının formalaşmasını inkişaf etdirməliyik.
- Uzun müddət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sədri olmusunuz. Fəaliyyətiniz dövründə sizi bu istiqamətdə ən çox düşündürən çətinlik nə ilə bağlı idi?
- Məni ən çox düşündürən məktəblərdə metodiki işin zəif olması, müəllimlərin hələ də klassik üslubda dərs keçməsi, müasir dövrün tələblərinə uyğun bacarıqlara fokuslanmaq yox, akademik biliklərə istiqamətlənmək idi. Əlbəttə, burada başqa subyektiv amillər də var. Nə qədər ki, bizim valideynlər məktəbə ali təhsil anlayışı ilə yanaşırsa, bu, çox ciddi ziddiyyətlər yaradacaq. Yəni valideynlər düşünmür ki, mənim övladımın dünyagörüşü, bacarıqları hansı səviyyədədir, yalnız onun ali məktəbə qəbul olmasını düşünürlər. Həmin uşağın ali məktəbi bitirdikdən, diplom aldıqdan sonra cəmiyyətə nə dərəcə lazımlı kadr olması isə qalır kənarda. Sonra da başlayırlar iş axtarmağa. Mən düşünürəm ki, gənclik təkcə iş axtaran yox, həm də iş quran olmalıdır. Bunun üçün isə bacarığın formalaşması vacibdir.
- Bildiyiniz kimi, ötən aylarda “İdrak” liseyində şagird müəllimi güllələmişdi. Hətta bənzər hadisə qonşu ölkədə, Türkiyədə də baş verdi. Yeni nəsil uşqlarda bu kimi aqressiyanın səbəbi nədir?
- Bu aqressiynın səbəbi bayaq dediyim kimi rəqəmsal mühitdir, valideynlərin bu sahədə yetərincə savadının olmamasıdır. Nəzarətdən kənarda uşaq kimlə ünsiyyət qurur, hansı oyunlara qoşulur – bunu nə valideyn bilir, nə də məktəb. Uşaqları intihara qədər sürükləyən oyunlar var. Təbii ki, bunun qarşısının alınması üçün qanunvericilik sənədləri imzalanıb. Müəllim-şagird, valideyn-övlad münasibətləri kommunikativ ünsiyyət prosesindən keçir. Yəni etibarın qazanılması, etinasızlığın aradan qaldırılması, məsuliyyət və empati hisslərinin qurulması ən önəmli məsələdir. O kiçik ekranlar valideyni övladdan, müəllimi də şagirddən uzaqlaşdırır. Yaxınları ilə ünsiyyət qura bilməyən uşaqlar kiçik ekranlarla ünsiyyətə girirlər. Bu fəsadlar buradan yaranır. Dünyanın bir çox ölkələrində qadağalar mövcuddur. Lakin bu, kifayət deyil. Bu istiqamətdə valideynlərlə işləmək lazımdır. Çünki valideynlər rəqəmsal sahədə savadlı olmasalar, öz övladlarını da müəyyən istiqamətə yönləndirə bilməyəcəklər.
- Müəllimlərin əvvəlki dövrlə müqayisədə sosial durumu kifayət qədər yaxşılaşıb, nüfuzları üçün isə eyni sözü demək olmur. Problem doğrudan da sadəcə rəqəmsal mühitdir, ya başqa səbəblər var?
- Bizim xalq təhsilə xüsusi önəm verir. Sosial vəziyyəti o qədər də yüksək olmayan insan belə, ən son tikəsini öz övladının təhsilinə yönəldir. Bu, çox yaxşı cəhətdir. Bununla yanaşı, “övladımı hansı istiqamətdə tərbiyə etməliyəm?”, “o mütləqmi ali məktəbə qəbul olmalıdır, yoxsa peşə təhsilində də bunu etmək mümkündür?” kimi düşünmək lazımdır.
Ətraflı
Ad - 00:10
Təxminən 10 il bundan əvvəl baş vermiş hadisə yadıma düşdü. Rəqəmsal mühitdə müəllimi linçləyəndə mən bir status yazmışdım ki, biz məktəbi və müəllimi nüfuzdan salsaq, övladlarımızı tərbiyə edə bilməyəcəyik. Çox təəssüflər olsun ki, biz bu prosesi addım-addım getdik. Yəni müəllim linçlənməməlidir. Məktəb pedaqoji mühitdir, müxtəlif hadisələr baş verə bilər və o mühitdə də həll olunmalıdır. Müəllimin müzakirəyə çıxarılması yolverilməzdir. Ola bilər ki, müəllimin günahı, səhvləri olsun, bunun üçün də müəyyən orqanlar mövcuddur, onlar addımlar atmalıdır. Yəni uşağın gözündə müəllim müəllim olaraq qalmalıdır. Bəzən valideynlər də bu istiqamətdə düzgün addım atmırlar. “Əslində müəllim müzakirə olunmamalıdır” deyən valideyn daha çox udur, nəinki “müəllim bu gün sənə nə dedi?”, “ixtiyarı yoxdur onu deməyə” deyən valideyn. Çünki ailədə ata və ana övlada eyni sözü deyirsə, o, tərbiyə oluna bilir. Amma ata bir söz, ana başqa sözü deyirsə, orda heç bir tərbiyədən söhbət gedə bilməz. Bu elə məktəb-ailə münasibətlərində də belədir.
- Bildiyiniz kimi, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, uşağa fiziki və psixoloji zorakılıq tətbiq edən valideynlər, təhsil və tibb işçiləri 200 manat cərimə olunacaqlar. Bu da müəllimlərdə narazılığa səbəb olur ki, sinifdə sakitlik yaratmaq mümkün olmayacaq. Buna münasibətiniz maraqlıdır.
- Uşaqlara qarşı edilən zorakılıqlar ciddi fəsadlar doğurur. Gəlin etiraf edək ki, insanın böyüyəndə yaşadığı problemlərin çoxu onun uşaqlıq travmalarından qaynaqlanır. Bizim uşaqlarımız o travmanı almasın, məişət zorakılığına məruz qalmasın deyə, qanunda ciddi dəyişikliklər edildi. Mənə görə, bu doğrudur. Burada subyektiv amillər ola bilərmi? Bəli. Onların da aradan qaldırılması üçün ciddi qaydalar işlənməlidir. Yəni zorakılıq deyəndə nə başa düşürük? Dəfələrlə uşaqların bağçada, məktəbdə döyülməsinin şahidi oluruq. Bu yolverilməzdir.
- Amma əvvəllər bildiyiniz kimi, “müəllim şilləsi”ni tərbiyə üsulu hesab edirdilər və hətta bəzən valideynlər müəllimdən bunu tələb edirdi. Heç kim də düşünmürdü ki, müəllim uşağa zorakılıq etmiş olur.
- Ona görə mən qeyd etdim ki, bunun üçün müəyyən intizam qaydaları olmalıdır. Söhbət kiçik bir iraddan, danlamadan getmir. Söhbət ciddi məişət zorakılığından, təzyiqdən gedir. Bu təzyiqlərin qarşısı alınmalıdır. Həm nəsil yenidir, onlara zorakılıq tətbiq edərək nəyisə həyata keçirə bilməyəcəksiniz, həm də uşaq yaşlarında onlara qışqırarkən beynindəki neyronlar qırılır. Əvvəllər biz bunu nəzərə almırdıq, amma indi elm o qədər inkişaf edib ki, hər istiqamətdə doğru yolu seçməliyik. Yəni uşağın tərbiyəsi üçün pedaqoji üsullar olmalıdır.
- Təhsil və müəllim dedikdə, repetitorluq məsələsi də gündəmə gəlir. Hətta belə fikirlər də var: Müəllim qəsdən uşağa dərsi məktəbdə tədris etmir ki, repetitor yanına getsin. Bu barədə nə deyə bilərsiniz?
- Bu da çox ciddi problemdir və bir neçə məsələdən qaynaqlanır. Əsas səbəblərdən biri valideynlərin universitetə qəbul zamanı rəqabətə davamlılığı təmin etmək üçün repetitorluğa üz tutmasıdır. Bu, bəlkə də, nə vaxtsa tələbat idi, amma bu gün uşaqların inkişafına çox ciddi mənfi təsir göstərir.
Qəbul imtahanlarının məzmununda da korrektə işləri aparılmalıdır. Uşaqlar universitetə rahat qəbul olmalıdır və eyni zamanda çətinliklə peşə qazanıb diplom almalıdır. Yəni universitetə giriş qapıları açıq, çıxış qapıları dar olmalıdır. Amma bizdə əksinədir – giriş qapıları dar, çıxış qapıları rahatdır. Bu təzad, əlbəttə, ciddi problemlər yaradır. Eyni zamanda qəbul imtahanlarının məzmunu, dairəsi ciddi müzakirə olunmalıdır. Yəni məktəb bu gün şəxsiyyət, xarakter formalaşdırmaq əvəzinə, qəbul imtahanına hazırlıq prosesi ilə məşğuldur. Bu da yaxşı nəticələrə gətirib çıxarmır. Biz qəbul imtahanlarının məzmununda dəyişiklik etmədikcə, işlənən modellərin heç biri effektiv olmayacaq. Valideynlərin də düşüncəsini dəyişmək lazımdır. Məsələn, onlar uşağını idman dərsindən azad edib repetitora yönləndirəndə fiziki inkişafına mane olur. Repetitor yanına gedən uşaqlar çox yüklü olur və bu onlarda mənəvi, fiziki, psixoloj gərginlik yaradır. Hətta intihar halları baş verir. Bunların hamısını həll etmək üçün ciddi addımlar atılmalıdır.
- Müəllimlərin ən çox şikayətləndiyi məsələlərdən biri də yazı-pozu işləridir. Onlar əlavə sənəd işlərinin dərsin keyfiyyətinə təsir etdiyi qənaətindədirlər. Siz bu barədə nə düşünürsünüz?
- Söhbət hansı sənədlərdən gedir, bilmirəm. Mən 35 il müəllim işləmişəm və həmin dövrdə uşaqların imla, inşa, ifadə yazılarını böyük məmnuniyyətlə yoxlamışam. Hətta elə həftə olmayıb ki, onlar yazı yazmasınlar. Biz o zaman bu barədə şikayətlər etmirdik. Amma bu gün yazı qabiliyyətinin formalaşması üçün çox təəssüf ki, istiqamətlər azalıb. Bu da uşaqların yazı mədəniyyətinin formalaşmasına mənfi təsir edir. Bu haqda düşünmək lazımdır. Eyni zamanda, əgər biz işləyiriksə, bizdən yazı tələb olunursa, vacibdirsə, onu etməliyik.
- Sinif rəhbərliyi sənədləri, metodiki işlərin hazırlanması kimi...
- Bunlar həmişə olub. Dünyanın hər yerində belədir, təkcə bizdə belə deyil.
- Sənəd işlərinin sayı son dövrlərdə daha da artıb deyə, narazılıqlar da artıb.
- Həqiqətən narazılıq artıbsa, tədqiqatlar aparılmalıdır – doğrudanmı bu say çoxdur, hansı daha yararlıdır? Bu tədqiqatlara uyğun olaraq addım atılmalıdır.
- Siz həm də Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüsünüz. Bölgələrimizdə hələ də qızlarını təhsildən yayındırıb onları ailə həyatına, evliliyə yönləndirən valideynlərin sayı kifayət qədər çoxdur. Qızların erkən evliliyi niyə hələ də problem olaraq qalır?
- Bu, feodal düşüncədən irəli gəlir. Regionlarda buna rast gəlmək olur. Amma gəlin etiraf edək ki, bu istiqamətdə xeyli işlər görülüb. Statistik təhlillər onu göstərir ki, amma say azalıb. Bununla bağlı qanunverici sənədlər də qəbul olunub. Nikah yaşı ilə bağlı güzəştlər aradan qaldırıldı, qohum evliliyi qadağan olundu. Bütün bunlar hamısı qızların gələcəyinə istiqamətlənmiş addımlardır. Qızların təhsilə cəlb olunması ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Bu gün ali təhsildə qızların sayı oğlanlardan çoxdur. Xaricdə təhsil alan tələbələrin 40%-i qızlardır. Bunlar hamısı qızların inkişafını göstərir. Tək-tək də olsa, problemlər mövcuddur. Lakin bu problemlər sadəcə ailə, qadın, uşaq problemləri deyil, ümumilikdə xalqın, cəmiyyətin ciddi yanaşacağı məsələlərdir. “Qonşumun qızıdır deyə, mən onun işinə qarışmayım” anlayışı ilə yanaşmamalıyıq. Problem varsa, səsimizi çıxarmalıyıq. Qızların təhsilli olması ailənin təhsilli olması deməkdir.
- Aktiv siyasətlə məşğul olan xanım kimi, ailənizə, övladlarınıza zaman ayıra bilirsiniz?
- Mən əlbəttə, ailəmə və övladlarıma böyük sevgi ilə zaman ayırıram. Sirr də deyil, hətta hər həftənin şənbə günü bizdə ailə günüdür, hamı bir yerdə olur – ana, ata, övladlar, nəvələr...
- Nəvələriniz var?
- Əlbəttə, 7 nəvəm var.
- Allah saxlasın.
- Çox sağ olun.
- Müsahibə üçün təşəkkür edirəm.
- Mən təşəkkür edirəm. Söylədiyim fikirlər əgər bir nəfəri də düşündürəcəksə, hər hansı uşağın tərbiyəsində biz toxunuş edə biləcəyiksə, nə xoş bizə!
Nuranə Daxilqızı
Foto-Video: Pərvin Zeynal